Həmişə müasir
103 yaşlı teatr
Yola
saldığımız 2012-2013-ci il teatr mövsümü Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı üçün bir
sıra önəmli hadisələrlə yadda qaldı.
Respublika
Prezidentinin 25 noyabr 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında aparılan təmir
işləri başa çatdı, ölkə
başçısının iştirakı ilə
açılış mərasimi oldu. Bu gün Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı inkişaf mərhələsini
yaşıyır. Teatrda dövlət islahatlarına uyğun
olaraq yüksək mənəvi-milli dəyərlərə
söykənən repertuar formalaşır və bu iş davam
etməkdədir. İndi teatrın repertuarında
tamaşaçılar tərəfindən sevilən onlarla
maraqlı səhnə əsəri var. Bundan əlavə, teatr
müxtəlif beynəlxalq festivallarında iştirak edir.
Görülən işlər aktyorların, rejissorların,
ümumilikdə teatrın inkişafına böyük dəstəkdir.
Ötən dövr ərzində bir neçə yeni
tamaşa hazırlanıb təhvil verilib, bir neçə yeni
əsər isə məşq prosesindədir. Qastrol səfərləri, yeni
tamaşalar öz
axarı ilə davam etməkdədir.
Bu
mövsümdə teatrın kollektivi bir-birindən maraqlı
layihələrə imza atıb, yeni-yeni premyeralarla
tamaşaçılarını sevindirib. 2012-ci il may
ayının 21-də tanınmış bəstəkar Emin
Sabitoğlunun «On min dollarlıq kef» (libretto müəllifi C.Məmmədov)
musiqili komediyasını təqdim edən kollektiv bir qədər
sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyi münasibətilə ədibin
«Hekayəti Molla İbrahimxəlil Kimyagər» komediyası əsasında
hazırlanmış «Kimyagər» (bəstəkar Siyavuş Kərimi,
liberetto müəllifi Əjdər Ol) tamaşası ilə sənətsevərlərin
görüşünə gəldi. Tamaşa Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi «Sərgüzəşti-
Mirzə Fətəli Axundzadə» Milli Teatr Festivalı çərçivəsində
iyun ayının 8-də Akademik Milli Dram Teatrında göstərildi
(quruluşçu rejissor əməkdar incəsənət
xadimi Bəhram Osmanov).
2013-cü
il yanvar ayının 22-də Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının kollektivi yeni ilin ilk premyerasını təqdim
etdi. Teatr bu dəfə Fransa və Qərbi Avropa ədəbiyyatında
klassik komediya janrının banisi J.B.Molyerin «Skapenin kələkləri»
(quruluşçu rejissor əməkdar incəsənət
xadimi Əsgər Əsgərov) komediyasını
nümayiş etdirdi. Onu da qeyd edək ki, bu komediya
böyük dramaturq J.B.Molyerin Musiqili Komediya Teatrının səhnəsində
oynanılan ilk əsəri idi.
Uğurla
səhnəyə qoyulan tamaşalardan biri də görkəmli
dramaturq Ə.Haqverdiyevin «Kimdir müqəssir?» pyesi əsasında
hazırlanan tamaşa oldu. Janrı ilahi komediya kimi müəyyən
olunan tamaşanın quruluşçusu gənc və
istedadlı rejissor İradə Gözəlova, rəssamı
Nabat Səmədovadır. Tamaşada rəqslərə xalq
artisti Təranə Muradova və Qalina Semyonova quruluş
vermişdir.
Bu
mövsümdə kollektiv, həmçininin, SSRİ xalq
artisti, görkəmli bəstəkar Rauf Hacıyevin 90 illik
yubileyi münasibəti ilə (may ayının 15-də) mərhum
sənətkarın şərəfinə onun müəllifi
olduğu «Talelər qovuşanda» tamaşasını bərpa
edərək yenidən tamaşaçılara təqdim etdi.
Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı zaman-zaman təhsil müəssisələri
ilə müxtəlif layihələr həyata keçirir. Bunlardan
biri də teatr kollektivinin Milli Teatrın 140 illiyi münasibəti
ilə “Bakı Modern School”da həyata keçirdiyi tədbiridir.
Teatrın rus bölməsində hazırlanan “Skapenin kələkləri”
(J.B.Molyer) tamaşasının yaradıcı heyəti ilə
görüş qismində hazırlanmış tədbirin əsas
məqsədi gənclərdə teatra olan marağı
artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və
onlara teatr sənətinin incəliklərini
çatdırmaqdır.
Teatrın
Yaradıcılıq Studiyası da il ərzində yenilikləri
ilə tamaşaçılarını sevindirmişdir. Qeyd edək
ki, Yaradıcılıq Studiyası müxtəlif ölkələrdə
keçirilən bir sıra nüfuzlu festivalların,
müsabiqələrin iştirakçısı olmuş, həmişə
də vətənə yüksək mükafatlarla
qayıtmışdır. Balaca artistlər 2006-ci ildən
mütəmadi olaraq Turkiyənin TRT kanalının dəvəti
ilə 23 Nisan Beynəlxalq Uşaq Festivalında
çıxış edərək, bütün dünyaya Azərbaycan
mədəniyyətini, incəsənətini nümayiş
etdirmiş, Türkiyə Cümhuriyyətinin Prezidenti və
Baş Naziri ilə təşkil olunmuş rəsmi
görüşlərin iştirakçısı olmuşlar.
Ötən
il Amsterdamda keçirilən «Junior Eurovision 2012» müsabiqəsində
də vətənimizi Musiqili Komediya Teatrının
Yaradıcılıq studiyasının üzvləri təmsil
etmişlər.
Hər
il mütəmadi olaraq 1 İyun - Beynəlxalq Uşaqları
Müdafiə Günündə həmyaşıdlarını
sevindirən balaca artistlər bu il də onlar üçün
təntənəli bayram şənliyi təşkil etmiş və
teatrın səhnəsində ilk dəfə olaraq Azərbaycan
dilində «Düyməcik» (Hans Xristian Anderson,
quruluşçu rejissor Elməddin Dadaşov)
tamaşasını nümayiş etdirmişdir.
Hələ
bu ilin əvvəlində kollektiv teatrın heyətində əsaslı
dəyişikliklər etmək üçün müsabiqə
elan etmiş, teatrda həm aktyor, həm də orkestr, xor və
balet heyətlərinin tərkibi möhkəmləndirilmiş,
yeni gənc və istedadlı kadrlar teatra cəlb olunmuş,
cari repertuar zənginləşdirilirmişdir.
Göründüyü
kimi, 2012-2013-cu il tear mövsümü bir sıra çətinliklərə
baxmayaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
üçün çox fərqli və uğurlu olmuşdur.
Teatrın
kollektivi qarşıdan gələn yeni teatr
mövsümündə də
tamaşaçılarını yeni tamaşalarla sevindirmək
niyyətindədir. Gələn mövsüm üçün
teatrın repertuarına daxil edilən «Qızıl toy»
(O.Kazımi, R.Heydər), «Arşın mal alan» (Ü.Hacıbəyli),
«Silva» (İ.Kalman) kimi tamaşalar yeni mövsümdə
teatrsevərlərin ixtiyarına veriləcək.
Artıq
teatrın binasında aparılan təmir-bərpa və yenidənqurma
işləri başa çatmış və kollektivin yenidən
teatra köçürülməsi üçün
hazırlıq prosesinə başlanılmışdır.
Bizə
isə 103 yaşlı qocaman teatrımızın gənc və
işgüzar kollektivinə uğurlar, yeni tamaşaların
sevincini çatdıran bol tamaşaçı
alqışı arzulamaq, uğurlu səfərlərdən və
tamaşalardan sonra görüşərik demək qalır.
Vəfa Mühacirova,
Teatrşünas
Kaspi.-2013.-8-10 iyun.-S.12.